BAKI, 2 noyabr. TELEQRAF

Qırğızıstanla Azərbaycan arasında siyasi dialoq, iqtisadi əlaqələr və müxtəlif sahələrdə əməkdaşlıq dinamik şəkildə inkişaf edir.

Teleqraf xəbər verir ki, bunu Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov ölkəsinin Milli Günü münasibətilə keçirilən rəsmi qəbulda bildirib.

Diplomat qeyd edib ki, iki ölkə arasında yüksək səviyyəli müntəzəm təmaslar, dövlətlərarası mexanizmlərin fəaliyyəti və birgə layihələrin həyata keçirilməsi uzunmüddətli tərəfdaşlığın möhkəmləndiyini göstərir:

“Dövlətlərarası Şuranın, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti, eləcə də Azərbaycan-Qırğızıstan İnkişaf Fondu vasitəsilə konkret layihələrin həyata keçirilməsi əlaqələrin genişlənməsinə töhfə verir”.

Səfir bu il iyulun 30-31-də Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana dövlət səfərinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb:

“Səfər ikitərəfli münasibətlərin tarixində mühüm hadisə olub. Səfər çərçivəsində Müttəfiqlik münasibətləri haqqında müqavilənin imzalanması ilə Qırğızıstan-Azərbaycan əməkdaşlığı müttəfiqlik səviyyəsinə yüksəlib”.