BAKI, 2 noyabr. TELEQRAF

İsrail Baş naziri Binyamin Netanyahunun təzyiqi altında Tramp administrasiyası bir neçə gün ərzində İrana nüvə zərbəsi endirə bilər.

Teleqraf xəbər verir ki, bu barədə amerikalı jurnalist Taker Karlson məlumat verib.

"Hədəf İranın mərkəzində yerləşən Pikaxe dağı olacaq. İsrail kəşfiyyatı İran hökumətinin uran zənginləşdirmə proqramını bərpa etdiyini iddia edir. Amerika arsenalındakı heç bir ənənəvi silah zənginləşdirmənin aparıldığı güman edilən tunelləri məhv etmək üçün 300 futluq bərk qraniti dağıda bilməz", - məlumatda qeyd olunur.

Karlsona görə, yeganə hərbi seçim nüvə zərbəsidir: "Netanyahu buna israr edir və hər gün Trampa zəng edir. Netanyahu küncə sıxışdırılıb və çarəsiz vəziyyətdədir. Ötən həftəki seçkilərin nəticələrini nəzərə alsaq, Tramp İsrail siyasətinə birbaşa müdaxilə etməsə və Netanyahuya Knessetdə 61 yer verəcək digər partiyalarla razılaşma əldə etməsə, o, hökumət qura bilməyəcək. Əks təqdirdə, o, baş nazir vəzifəsindən uzaqlaşdırılacaq və rüsvayçılıq, araşdırmalar və, ehtimal ki, həbs cəzası ilə üzləşəcək.

Karlson qeyd edib ki, nüvə zərbəsi dağıntıları kəskin şəkildə sürətləndirəcək. Pikaks dağındakı partlayışdan yaranan radioaktiv elementlər Fars körfəzini çirkləndirəcək və 100 milyon insanı təmin edən suyu zəhərləyəcək".