BAKI, 30 iyun. TELEQRAF
Livan parlamentinin sədri Nəbi Berri İsraillə sülh razılaşmasına qarşı çıxan siyasi qüvvələrə rəhbərlik edəcəyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə “Elnashra”məlumat yayıb.
“Mən vətəndaş sülhünü təhdid edən, daxili münaqişəyə səbəb ola biləcək narazılığın artmasının qarşısını almağa çalışıram”, - spiker deyib.
Berri İsraillə müqavilənin əleyhdarlarını sənədin parlamentdə təsdiqlənməsinin qarşısını alacaq geniş milli blokda birləşdirmək niyyətini açıqlayıb: “Bu sənədi hazırlayanlar mənimlə və çoxsaylı deputatla üz-üzə gəlməli olacaq”.
Spiker vəziyyəti Konstitusiya sərhədləri daxilində saxlamaq və Livan hökumətinin devrilməsini tələb edən küçə etirazlarından yayınmaq istədiyini bildirib. Berri Baş nazir Nəvaf Salama iyunun 26-də Beyrutda “Hizbullah” Hərəkatının tərəfdarlarının iştirakı ilə baş verən iğtişaşların qarşısını aldığına görə təşəkkür etmək üçün zəng edəndə razılaşmadan imtina etməyi məsləhət görüb.
“Əməl” Hərəkatına rəhbərlik edən Berri xatırladıb ki, Livan parlamenti 1982-ci ildə İsrailin təcavüzündən sonra imzalanmış 17 may 1983-cü il tarixli “köləlik müqaviləsi”ni rədd edib. Amma onun fikrincə, hazırkı müqavilə ondan on dəfə pisdir, çünki məqsədi vətəndaş qarşıdurmasını qızışdırmaqdır.