BAKI, 30 iyun. TELEQRAF
İsrail ABŞ Prezidenti Donald Trampın iyulun 7-8-də Ankarada keçiriləcək NATO sammitindən sonra Ankaraya F-35 qırıcılarının tədarükünü dəstəkləyə biləcəyindən narahatdır.
Teleqraf xəbər verir ki, bu barədə “Euractiv” mənbələrə istinadla məlumat yayıb.
Amerika lideri bundan əvvəl Türkiyəyə F-35-lərin mümkün tədarükü ilə bağlı suala cavabında NATO sammiti üçün səfəri zamanı Ankaranı sevindirə biləcəyini bildirib.
Mənbənin İsrailin təhlükəsizlik mənbələrinə istinadla verdiyi məlumata görə, F-35 proqramının bir sıra əsas komponentləri İsrail şirkətləri tərəfindən istehsal edilir və ya hazırlanır. Mənbələrinin sözlərinə görə, İsraildə bu texnologiyaların Türkiyə qırıcılarında istifadə olunması ehtimalı son dərəcə mənfi qarşılanar.
İsrailin Yunanıstandakı səfiri Noam Kats Türkiyəyə F-35-lərin verilməsinin “arzuolunmaz” olduğunu deyib. İsrail Baş naziri Binyamin Netanyahu da F-35-lərin Ankaraya mümkün tədarükü ilə bağlı narahatlığını Vaşinqtonun diqqətinə çatdırmaq niyyətindədir.
Türkiyə beynəlxalq F-35 proqramının iştirakçılarından biri olub və layihəyə maliyyə vəsaiti yatırıb. Amma ABŞ 2019-cu ildə Ankaranın Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini almasına görə onu proqramdan çıxarıb.
Türkiyə dəfələrlə bu qərarı ədalətsiz hesab etdiyini bəyan edib və ya proqrama yenidən qoşulmağı, ya da yatırdığı vəsaitin kompensasiya edilməsini tələb edib. Bununla yanaşı, Ankara özünün 5-ci nəsil döyüş təyyarəsi layihəsi olan KAAN üzərində işləri davam etdirir.