BAKI, 30 iyun. TELEQRAF

Suriya Prezidenti Əhməd Şaraa İsraili ölkənin cənub bölgələrindəki müdaxilələrə və sabitliyi pozmaq cəhdlərinə görə qınayıb.

Teleqraf xəbər verir ki, bu barədə “Al-Ikhbariya” məlumat yayıb.

“İsrailin hərbi əməliyyatları Suriyanın ərazi birliyini məhv etməyə, xaos yaratmağa və Suriya xalqının bərpa və dirçəliş yolunda inkişaf qabiliyyətini zəiflətməyə yönəlib. Suriya artıq xarici sui-qəsdlər və onların ambisiyalarının reallaşması üçün meydan olmayacaq”, - dövlət başçısı vurğulayıb.

Əhməd Şaraanın bəyanatı İsrail ordusunun iyunun 29-da Dəra əyalətinin Abdin, Cəmla və Əl-Muğra kəndlərinə hücum etməsindən sonra verilib. Yerli KİV-in məlumatına görə, yerli sakinlər kəndlərində nəzarət məntəqələri quran İsrail qüvvələrinə müqavimət göstəriblər. Suriya Müdafiə Nazirliyi atəş nəticəsində bir neçə nəfərin yaralandığı və maddi ziyanın olduğu barədə məlumat yayıb.