BAKI, 30 iyun. TELEQRAF

İsrail Livanın “Hizbullah” Hərəkatının tərksilah edilməsini nəzərdə tutan çərçivə razılaşması üzrə öhdəliklərini yerinə yetirə biləcəyinə şübhə ilə yanaşır.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadla məlumat yayıb.

İsrail hakimiyyəti əldə olunan razılaşmanı Livana uzunmüddətli sülhün qurulması yolunda “mühüm diplomatik addım” kimi dəyərləndirsə də, Təl-Əvivdə anlaşmanın daxili vəziyyət baxımından çıxılmaz vəziyyətə gətirəcəyindən narahatlıq da var. Problem Livan hakimiyyətinin “Hizbullah”ı tamamilə tərksilah edə bilməməsi və silahlardan istifadə üzrə dövlət nəzarətini bərpa edə bilməməsidir.

İyunun 26-da ABŞ-nin dövlət katibi Marko Rubio Vaşinqtonda İsrail və Livan səfirləri ilə birlikdə tərəflərin beş raund danışıqlardan sonra əldə etdiyi çərçivə razılaşmasını elan edib. Razılaşmaya əsasən, ilkin mərhələdə İsrail qoşunları Litani çayının cənubunda və şimalında iki zonanı Livan ordusunun nəzarətinə verəcək. Livan silahlı qüvvələri tədricən “Hizbullah”ı tərksilah edəcək.