BAKI, 10 iyun. TELEQRAF
İran xarici işlər naziri Abbas Əraqçi ABŞ-nin ölkəsinə endirdiyi zərbələrdən sonra Səudiyyə Ərəbistanı və Türkiyədən olan həmkarları ilə regiondakı vəziyyəti müzakirə edib.
Teleqraf xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.
A. Əraqçi Səudiyyə Ərəbistanı və Türkiyə xarici işlər nazirləri ilə ayrı-ayrılıqda telefon danışığı aparıb. Müzakirələr zamanı regiondakı son vəziyyət və ABŞ-nin İranın cənub bölgələrinə təşkil etdiyi hücumlardan sonra yaranmış təhlükəsizlik məsələləri diqqət mərkəzində olub.
İranlı nazir Vaşinqtonun hərbi əməliyyatlarını pisləyərək, bunu ölkəsinin suverenliyi və ərazi bütövlüyünə qarşı addım kimi qiymətləndirib.
O, rəsmi Tehranın özünümüdafiə hüququna malik olduğunu vurğulayıb və silahlı qüvvələrin mümkün cavab tədbirlərini gündəmə gətirib.
Telefon danışıqları zamanı tərəflər regional sabitliyin qorunması və gərginliyin daha da artmasının qarşısının alınması istiqamətində fikir mübadiləsi aparıblar.