BAKI, 27 aprel. TELEQRAF

ABŞ-İran danışıqlarının mümkün uğursuzluğa düçar olmasına hazırlıqlar fonunda İsrail Baş naziri Benyamin Netanyahu dünən gecə koalisiya liderləri və hərbi kabinetin iclasını keçirib. Müzakirələrdə məqsəd danışıqların uğursuzluğa düçar olacağı təqdirdə bir sıra ssenariləri araşdırmaqdır.

Teleqraf xəbər verir ki, bu barədə İsrailin N12 telekanalı məlumat yayıb.

Kanal bildirib ki, İsrail bu mərhələdə ABŞ-dən Hörmüz boğazının blokadasının davam etdirilməsini istəyir:

“İsrail son günlərdə ABŞ-yə açıq mesaj göndərib: mühasirəni bir az da olsa, yumşaltmaq olmaz. İsrail ABŞ Prezidenti Donald Trampın danışıqların bərpasını təşviq etmək üçün qismən yumşalmaya imkan verəcək addımlar atacağından çəkinir. İsrail mənbələri xəbərdarlıq edir ki, belə bir addım İranı dayandırmayacaq və Tehranın mümkün danışıqlarda öz mövqelərində qalması gözlənilir.

İsrailin hesablamalarına görə, mühasirənin davamı Tehranı təzyiq altında saxlayacaq, onun gəlir mənbələrini kəsəcək, daxili gərginliyi artıracaq və onu iki seçim qarşısında qoyacaq: mövqelərində yumşalma və ya qeyri-sabitliyin daha da böyüməsi.

Müharibəyə qayıtmaq məsələsi gündəmdə qalır. Rəsmilərin sözlərinə görə, İran uzun müddət davam edən mühasirədən sonra belə təslim olmasa, ABŞ hərbi əməliyyatları bərpa edə bilər. İsrail bu kontekstdə İranın enerji obyektlərinə genişmiqyaslı zərbələr endirmək variantını nəzərdən keçirir. Hesablamalara əsasən, belə bir ssenaridə müharibəyə qayıtmaq qaçılmaz olacaq”.

Mənbə qeyd edib ki, ABŞ ordusu Hörmüz boğazında İranın hərbi imkanlarını tamamilə sıradan çıxarmaq üçün əməliyyat planı hazırlayıb:

“Planın tərəflər arasında atəşkəsin pozulması halında həyata keçirilməsi nəzərdə tutulur. Nəzərdən keçirilən hədəflər arasında dənizdəki kritik hədəflər - sürətli hücum gəmiləri, mina gəmiləri və İranın boğazda beynəlxalq gəmiçilik zolağını təhdid altında saxlamağa imkan verən digər elementləri də var.

İran ötən həftə Livanda atəşkəsdən sonra Hörmüz boğazının açıldığını elan etdikdən bir gündən də az bir müddət sonra Hörmüz boğazının yenidən bağlandığını açıqladı. Tehran boğazın müharibənin sonuna qədər bağlı qalacağını iddia edir, Tramp isə iranlıları onu aldatmağa çalışmaqda günahlandırıb”.