BAKI, 20 aprel. TELEQRAF
ABŞ tərəfindən Hörmüz boğazında İran yük gəmisinin ələ keçirilməsi və Tehranın qisas təhdidi atəşkəsin davamlılığına şübhələr yaradıb.
Teleqraf xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
İran rəhbərliyi də diplomatik səylərin gələcəyini şübhə altına qoyaraq danışıqların növbəti raundunda iştirak etməyəcəyini açıqlayıb.
“Reuters”in yazdığına görə, ABŞ-nin dəniz blokadasını yarmağa çalışan İran gəmisini ələ keçirdiyini elan etməsindən və Tehranın cavab vəd etməsindən sonra Vaşinqtonla Tehran arasında atəşkəsin taleyi ilə bağlı narahatlıqlar artıb.
İran ABŞ-nin aprelin 21-də atəşkəs bitməzdən əvvəl başlayacağına ümid etdiyi danışıqların ikinci mərhələsində iştirak etməyəcəyini açıqladığı üçün davamlı sülhə nail olmaq səyləri də ciddi şübhələrlə üzləşib.
Tərəflər həmçinin bir-birini atəşkəsi pozmaqda ittiham ediblər.