AĞDAM, 30 oktyabr. TELEQRAF

Tullantıların idarə olunması həmişə İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi qrupunun müzakirə etdiyi əsas məsələlərdən biri olub.

Teleqraf-ın Ağdama ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Ağdam rayonunda Ekoloji məsələlər üzrə İşçi qrupunun növbəti iclasında jurnalistlərə açıqlamasında deyib.

Nazir müavini bu sahədə problemlərin hələ də qaldığını vurğulayıb.

"Əsasən yol kənarında və turistlərin çox axın etdiyi yerlərdə məişət tullantıları ilə bağlı çətinliklər yaşanır. Bu məsələ müvafiq nümayəndəliklər və aidiyyatı qurumlar tərəfindən nəzarətə götürülüb. Lakin problemin həllini yalnız bir yaxud ayrı-ayrı təşkilatlardan gözləmək yanlış olardı. Hər birimiz məişət tullantılarının idarə olunmasında diqqətli olmalıyıq. Xüsusilə turizm məqsədilə istifadə olunan ərazilərdə bu problem əvvəlki dövrlərlə müqayisədə o qədər də kəskin olmasa da, təəssüf ki, hələ də qalmaqdadır".

V.Kərimov həmçinin qeyd edib ki, Bərgüşad və Həkəri çayları üzərində su anbarlarının inşası nəzərdə tutulur.

"Ağdam şəhəri, təəssüf ki, yerüstü su ehtiyatları ilə zəngin ərazilərdən deyil. Bu səbəbdən şəhərin gələcək su təminatının kənardan gələn çaylar və ya yeraltı sular hesabına reallaşdırılması planlaşdırılır.

Şəhərin içməli su təminatı ilə bağlı Dövlət Su Ehtiyatları Agentliyinin layihəsi var. Növbəti mərhələdə Şərqi Zəngəzur və Qarabağ bölgələrinin çaylarından, əsasən Bərgüşad çayından içməli su xəttinin çəkilməsi həyata keçiriləcək".