BAKI, 14 aprel. TELEQRAF
“Hörmüz boğazını bağlamaq ideyası nəinki heç nəyə nail olmayacaq, həm də hegemon rejimə qarşı yeni sürprizə və yeni cəbhələrin açılmasına səbəb olacaq, region, dünya və onların müttəfiqlərinə qarşı iqtisadi təzyiqi daha da artıracaq”.
Teleqraf xəbər verir ki, bu sözləri İranın keçmiş ali rəhbəri Əli Xameneinin müşaviri Məhəmməd Möhbər deyib.
Möhbər ABŞ Prezidenti Donald Trampı “məğlub” adlandırıb.
“Onun məğlubiyyəti qəbul etməkdən və buna dözməkdən başqa çarəsi yoxdur”, - Xameneinin müşaviri əlavə edib.
Aprelin 11-də İran və ABŞ İslamabadda danışıqlar aparıb. Hər iki tərəf danışıqlardan sonra bəyan edib ki, bir sıra fikir ayrılıqları səbəbindən razılaşma əldə olunmayıb. Tehran və Vaşinqton arasında dialoqun inkişaf perspektivləri məlum deyil. ABŞ isə aprelin 13-də İrana qarşı dəniz blokadasına başlayıb.