BAKI, 3 mart. TELEQRAF

Türkiyə xarici işlər naziri Hakan Fidan İranın bölgədəki ABŞ bazalarına birbaşa zərbələrinin genişmiqyaslı regional müharibə riskini artırdığını bildirib.

Teleqraf xəbər verir ki, o, çıxışında mövcud böhranın yarada biləcəyi digər risklərə də diqqət çəkib.

“İranın ərəb ölkələrindəki ABŞ bazalarına birbaşa zərbələri bu addımların daha böyük regional təhlükəsizlik böhranına çevrilmə ehtimalını artırır. Digər problem Hörmüz boğazı ilə əlaqəlidir. Boğazın bağlanması qlobal maliyyə və enerji bazarlarında əhəmiyyətli dalğalanmalara səbəb ola bilər. Bu, ABŞ-ni təcili tədbirlər görməyə məcbur edə bilər”, - Hakan Fidan qeyd edib.

Xarici işlər nazirinin sözlərinə görə, hazırkı şəraitdə ən pis ssenari münaqişənin şiddətlənməsi və həm İran, həm də bütün regionu bürüyəcək qeyri-sabitliyin yaranmasıdır.

Hakan Fidan vurğulayıb ki, enerji aspekti də var: “İrandan təbii qaz tədarükündə fasilələr və ya Bəsrə körfəzi ölkələrindən enerji idxalında əhəmiyyətli fasilələr qlobal enerji təhlükəsizliyinə ciddi təhlükə yarada bilər”.