BAKI, 27 fevral. TELEQRAF

ABŞ-nin İrana mümkün hücumu ehtimalının artması fonunda Vaşinqtonun Yerusəlimdəki (Qüds) səfirliyi əməkdaşları ölkəni tərk etməyə icazə verib və istəyənlərə İsraili dərhal tərk etməyi tövsiyə edib.

Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Məlumata görə, ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi cümə günü səhər Amerika missiyasının əməkdaşlarına göndərdiyi elektron məktubda bu qərarın gecə keçirilən iclas və telefon danışıqlarından sonra ehtiyat tədbiri olaraq və ABŞ Dövlət Departamenti ilə koordinasiyalı şəkildə qəbul edildiyini bildirib.

Məktubda əməkdaşların təhlükəsizliyinin prioritet olduğu vurğulanıb.

Yerli vaxtla saat 10:24-də göndərilən mesajda Hakabi ölkədən çıxmaq istəyənlərin “bu gün bunu etməli olduqlarını” yazıb və onlara bilet tapa bildikləri istənilən istiqamətə Ben Qurion hava limanı vasitəsilə uçmağı tövsiyə edib.

O qeyd edib: “Birinci prioritet ölkədən sürətli çıxışdır.”

Səfir xəbərdarlıq edib ki, bu qərar həmin gün üçün aviabiletlərə tələbatın artmasına səbəb ola bilər: “Yaxın günlərdə əlavə çıxış reysləri təşkil oluna bilər, amma bununla bağlı heç bir zəmanət yoxdur”.