BAKI, 20 fevral. TELEQRAF
ABŞ-nin İranla artan hərbi gərginlik fonunda Yaxın Şərqdə hərbi qüvvələrini sürətlə artırması 2003-cü ildə İraqın işğalına hazırlıq ssenarisinə bənzəyir.
Teleqraf xəbər verir ki, bu barədə “Financial Times” analitiklər və Pentaqonun keçmiş əməkdaşlarına istinadla bildirib.
Hərbi ekspert Bekki Vasserin qiymətləndirməsinə görə, regionda hərbi qüvvələrin toplanması İraq müharibəsindən əvvəl müşahidə edilənlərlə oxşardır. ABŞ müdafiə nazirinin Yaxın Şərq üzrə keçmiş müavin köməkçisi Dana Stroul isə bunu “çox qısa müddətdə həyata keçirilmiş genişmiqyaslı hərbi qüvvə yerləşdirməsi” adlandırıb.
ABŞ son bir neçə gün ərzində Yaxın Şərqə təxminən 70 hərbi yük təyyarəsi və 50 qırıcı təyyarə göndərib. Oman körfəzində bir təyyarədaşıyan gəmi yerləşdirilib, ikinci belə zərbə qrupu isə Aralıq dənizinin İsrail sahilləri yaxınlığında olacaq.