BAKI, 31 yanvar. TELEQRAF

Səudiyyə Ərəbistanı müdafiə naziri, şahzadə Xalid bin Salman Vaşinqtonda keçirilən qapalı brifinqdə ABŞ-nin İrana mümkün hərbi zərbələrini dəstəklədiyini bildirib və qeyd edib ki, əgər Prezident Donald Tramp təhdidlərini reallaşdırmasa, İran rejimi yalnız güclənəcək.

Teleqraf xəbər verir ki, bu barədə “Axios” dörd mənbəyə istinadla məlumat yayıb.

Nəşrin yazdığına görə, Səudiyyə nazirinin qapalı görüşdəki mövqeyi rəsmi Ər-Riyadın ritorikasından xeyli fərqlənib. Rəsmi olaraq Səudiyyə Ərəbistanı eskalasiyadan çəkindirməyə və diplomatik həll yoluna çağırışa üstünlük verirdi, mənbənin fikrincə, bu, ABŞ-nin mümkün hücumu təxirə salmasının əsas səbəblərindən biri idi.

Qeyd edilib ki, Xalid bin Salman yanvarın 30-da Ağ Evdə Tramp administrasiyasının əsas nümayəndələri ilə, o cümlədən dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Heqset və Baş Qərargah rəisi Den Keynlə qapalı görüşlər keçirib. Görüşlərin əsas mövzusu ABŞ-nin İranda mümkün hərbi əməliyyatları olub.

“Axios”un mənbələrinə görə, Ər-Riyadın mövqeyinin dəyişməsi ABŞ-nin zərbə qərarının artıq faktiki qəbul edildiyi inancıyla bağlıdır. Vurğulanıb ki, Səudiyyə rəsmi açıqlamalarında İranın suverenliyinə hörmət göstərsə də, artıq ABŞ-nin hərəkətlərinə qarşı çıxmaq istəmir.

Bəsrə körfəzi ölkələrindəki mənbələr deyirlər ki, vəziyyət hələ də gərgin qalır, ABŞ-nin potensial zərbəsi ciddi eskalasiya riski daşıyır, amma bu zərbədən imtina İranın mövqelərinin möhkəmlənməsinə səbəb ola bilər.

“Bu mərhələdə hücum olmasa, bu yalnız rejimə cəsarət verəcək” – nəşr Xalid bin Salmana istinadla yazıb.