BAKI, 20 yanvar. TELEQRAF

İran rejiminin şəhərlərdə etirazların səngiməsi barədə məlumatları hakim komanda daxilində ciddi sarsıntıdan xəbər verir.

Teleqraf xəbər verir ki, bu barədə Britaniyanın “The Economist” nəşri yazıb.

Nəşrin İran mənbələrinə istinadla bildirdiyinə görə, rəsmilər hesab edirlər ki, qırmızı xətt keçilib, etirazların davamı gəlməyəcək:

“İslam Respublikasının yüksək vəzifəli şəxsləri arasında qorxu o həddə çatıb ki, təhlükəsizlik qüvvələrinin sədaqəti də şübhə altına düşüb”.

Nəşrin məlumatına görə, ordu və ya SEPAH (İslam İnqilabı Keşikçiləri Korpusu) sıralarında kütləvi parçalanmaya dair qəti sübutlar olmasa da, hesabatlar göstərir ki, təxminən 170 min nəfərlik SEPAH və 400 min nəfərlik ordu hələ də fəaliyyətdədir. Amma fərq ondadır ki, SEPAH artıq vahid və monolit qurum kimi qəbul edilmir.

“The Economist”ə görə, SEPAH dini, iqtisadi və hərbi maraqların bir-birinə qarışdığı mürəkkəb strukturdur və onun komandanlıq sistemi ötən yay İsraillə baş vermiş 12 günlük müharibədən sonra ciddi şəkildə zərər görüb.

Nəşr SEPAH nümayəndələrinin Ali Milli Təhlükəsizlik Şurasındakı sayının ordu ilə müqayisədə azalmasını bu qurumun siyasi təsirinin zəifləməsinin göstəricisi kimi dəyərləndirir. Britaniya analitikləri hesab edirlər ki, SEPAH komandirləri sonda siyasi sədaqətdən daha çox şəxsi və institutsional varlıqlarını qorumağa üstünlük verə bilərlər. İran rəsmisi bu kontekstdə vurğulayıb ki, SEPAH ölkənin Ali rəhbəri Əli Xameneiyə yox, İrana sədaqətlidir.