BAKI, 14 yanvar. TELEQRAF
“ABŞ Prezidenti Donald Trampın bəyanatları İranda rejim dəyişikliyinin anonsudur”.
Teleqraf xəbər verir ki, bunu ABŞ Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə keçmiş koordinatoru Brett Makqörk deyib.
O xatırladıb ki, ABŞ lideri davam edən etirazların zorakılıqla yatırılacağı təqdirdə İran rejimini sərt addımların atılacağı barədə xəbərdarlıq edib:
“Bunun məhdud zərbə olacağını təsəvvür etmək çox çətindir. Çünki hərbi əməliyyat həyata keçirilərsə, böyük ehtimalla hərbi komandirlərimiz İranın cavab vermək üçün istifadə edə biləcəyi çoxsaylı raket, avadanlıq və sistemlərinı sıradan çıxarmaq istəyəcəklər. Hərbi gücdən istifadə barədə əmr verilsə, düşünürəm ki, hədəflərin miqyası baxımından genişmiqyaslı əməliyyatla üzləşəcəyik. Bu hədəflərə rejimin repressiya aparatı – “Bəsic” və SEPAH-ın qərargahları daxil olacaq.
Bu, İranda dini rejimin sonunun başlanğıcıdır. 1979-cu ildə baş verən inqilabdan sonra hazırkı rejimin tam formalaşması bir il çəkmişdi. Bu proses də müəyyən vaxt ala bilər, amma bu rejim legitimliyini tamamilə itirib. Görünür, ötən həftənin sonlarında rejim tərəfindən verilmiş etirazçılara qarşı ölümcül gücdən istifadə fəlakətli qərar idi”.