BAKI, 9 yanvar. TELEQRAF
“İranda internetin kəsilməsi texniki problem deyil, rejim bundan vəhşiliyini gizlətmək və etirazçıların müqavimətini qırmaq üçün istifadə edir”.
Teleqraf xəbər verir ki, bunu Avropa Parlamentində Almaniyanı təmsil edən deputat Hanna Noyman İranda davam edən etirazlar barədə bildirib.
Alman siyasətçi bildirib ki, internetin kəsilməsi ilə eyni vaxtda genişmiqyaslı zorakılıq və həbslər baş verir, çoxlu sayda insan yoxa çıxır, ailələr isə məlumatsız qalır, yaxınlarının sağ olub-olmadığını, yaralandığını, yoxsa həbsdə olduğunu bilmirlər.
Noyman vurğulayıb ki, bu, insanların kömək və müdafiədən məhrum edilməsi rejimin ölümcül zorakılığının gizlədilməsi, hücuma məruz qalanların səsinin boğulması və etirazların miqyasının dünya tərəfindən görülməsinin qarşısının alınması məqsədi daşıyan qəsdən seçilmiş strategiyadır.
Avropa Parlamentinin üzvü qeyd edib ki, internetin bağlanması İran rejiminin silahıdır: “Sükut neytrallıq deyil, susmaq repressiyalara imkan verir. Avropa baş verənlərlə bağlı mövqe tutmalıdır”.
Noyman İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatları siyahısına daxil edilməsi, qaçqınların İrana deportasiyasının dayandırılması, müqavimət göstərənlərin qorunması və sairə kimi tədbirlərə çağırıb.