BAKI, 5 yanvar. TELEQRAF

PKK terror təşkilatının Suriyadakı qolu SDQ-nin Dəməşq hökumətinə inteqrasiyasını nəzərdə tutan razılaşmanın müddəti dekabrın 31-də başa çatdıqdan sonra, yanvarın 4-də tərəflər arasında daha bir görüş keçirilib. Suriya hökumətindəki mənbələr bildirirlər ki, terror təşkilatı təkcə razılaşmaya əməl etmir, həm də yeni şərtlər irəli sürür və prosesin uğursuz olduğu qənaəti formalaşır.

Teleqraf xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.

Nəşrə danışan mənbə deyib ki, SDQ rəhbərliyi media vasitəsilə müəyyən manipulyasiyalara əl atır, uzlaşmadan uzaq, daim dəyişən gündəmlə danışıqlar masasına əyləşir.

Bu gündəmin reallıqdan uzaq olduğunu vurğulayan Suriya rəsmisi qeyd edib:

“Bizə siyasi, hərbi və iqtisadi əsaslı daim yeni şərtlər diktə edən bir PKK/SDQ var. Neft yataqları, bəndlər, sərhəd xətti, təhlükəsizlik və siyasi quruluşla bağlı unitar dövlət strukturumuzu görməzdən gələn tələblər irəli sürürlər. Bununla yanaşı, Türkiyənin rolundan narahatdırlar. Qərb ölkələrini prosesə cəlb etmək istəkləri də diqqətçəkən başqa bir məqamdır. Mövcud şəraitdə uzlaşma və ya inteqrasiya mümkün görünmür. Alternativ variantların (hərbi əməliyyatların) işə salınması qaçılmazdır. Davam edən və sonu bəlli olmayan vaxtudma taktikasına artıq dözümlülük göstərilməyəcək. Çünki bu mənzərə ərazi bütövlüyümüzlə yanaşı, normallaşma prosesinə də mənfi təsir edir. Artıq tolerantlıq olmayacaq”.

Dəməşqdə keçirilən görüşə paralel olaraq, Suriya Prezidenti Əhməd Şaraanın baş müşaviri Cihad İsa Deyr əz-Zorda regionun tayfa liderlərini bir araya gətirib. Yerdə hərbi fəallıq intensiv şəkildə davam edərkən, danışıqların mənfi nəticələnməsi fonunda əməliyyatın qaçılmaz olduğu bildirilir.