BAKI, 27 dekabr. TELEQRAF

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyasının qüvvələri Yəmənin Hadramaut vilayətində “Cənub Keçid Şurası”na (CKŞ) bağlı separatçıların gərginliyin azaldılması səylərinə zidd olan istənilən hərbi fəaliyyətinə cavab verəcək.

Teleqraf xəbər verir ki, bu barədə koalisiyanın rəsmi nümayəndəsi briqada generalı Türki əl-Maliki bildirib.

“Bu səylərə zidd olan istənilən hərbi addımın qarşısı mülki əhalinin müdafiəsi və Səudiyyə Ərəbistanı-BƏƏ vasitəçilik səylərinin uğurlu olmasının təmin edilməsi məqsədilə dərhal, birbaşa şəkildə alınacaq”, - əl-Maliki vurğulayıb.

Xatırladaq ki, Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salman əl-Səud bu gün separatçıları Yəmənin şərqindəki Hadramaut və Məhra əyalətlərindən geri çəkilməyə çağırıb.

Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələri dekabrın 26-da separatçıların Hadramautdakı hərbi mövqelərinə zərbələr endirmişdi.