BAKI, 27 dekabr. TELEQRAF
Suriya ordusuna inteqrasiyadan imtina edən PKK terror təşkilatının qanadı SDQ-yə qarşı hərbi əməliyyat keçirilə bilər.
Teleqraf xəbər verir ki, bu barədə “Haber7” məlumat yayıb.
Türkiyə portalı bildirib ki, intreqrasiyaya dair SDQ ilə Dəməşq arasında keçirilmiş son danışıqlar nəticəsiz yekunlaşıb.
Martın 10-da əldə olunmuş razılaşma üzrə dekabrın 31-dək Suriya ordusuna inteqrasiya etməli olan təşkilat bundan imtina edib. Bu durumun Əhməd Şaraa hökuməti üçün Suriyanın şimalında terror təşkilatına qarşı hərbi əməliyyatdan başqa alternativ buraxmadığı bildirilir.
“Suriya hərbçilərinə təlim verən Türkiyənin də SDQ-yə qarşı hərbi əməliyyat keçiriləcəyi təqdirdə istənilən an hazır olduğu deyilir. Dəməşqin Fərat çayının şərqinə planlaşdırdığı əməliyyata istənilməsi halında Türkiyə də dəstək verəcək”, - nəşr əlavə edib.
Türkiyə müdafiə naziri Yaşar Gülər bundan öncə hərbi əməliyyat variantı ilə bağlı bəyan etmişdi:
“2016-cı ildən etibarən Suriyada əməliyyat həyata keçirərkən orada ABŞ də var idi, Rusiya da. Biz görülməli olanı heç kimdən soruşmadan etdik və başa çatdırdıq. Qarşıdakı dövrdə də ehtiyac yaranarsa, lazım olanı heç kimdən soruşmadan edəcəyik”.