BAKI, 25 dekabr. TELEQRAF
“(PKK terror təşkilatının qanadı) Suriya Demokratik Qüvvələri (SDQ) hökumət üçün müzakirə edilə və həyata keçirilə bilməyən tələblərində israr etdiyi üçün tərəflər arasında razılıq əldə olunmayıb. Ayın 28-də son cavabımızı verəcəyik. Hazırda Suriya hökuməti ilə SDQ arasında əlaqələr dayandırılıb”.
Teleqraf xəbər verir ki, bu barədə Suriyanın İnformasiya Nazirliyinin açıqlamasında bildirilib.
Qurum bəyan edib ki, SDQ martın 10-da Suriya ordusuna inteqrasiyaya dair razılaşmaya əməl etmədiyi üçün cavabdehlik daşıyır.
Həmçinin əlavə olunub ki, ABŞ-nin vasitəçiliyi ilə Suriya hökuməti ilə SDQ arasında ilin sonundan əvvəl hərbi razılaşma gözlənilir.
Türkiyə KİV-in yazdığına görə, Vaşinqton razılaşmanın ilin sonundan əvvəl imzalanması üçün SDQ-yə ciddi təzyiq göstərir. Dəməşqlə SDQ arasında mümkün razılaşmanın 27-30 dekabr tarixlərində elan olunması gözlənilir. Razılaşma 90 000 SDQ üzvünün Suriya Müdafiə və Daxili İşlər nazirliklərinə inteqrasiyasını əhatə edir.
SDQ isə ABŞ-nin dəstəyi ilə Suriya ordusu daxilində iki taqımın yaradılmasını tələb edir.
Hazırda müzakirə olunan əsas məsələlər arasında hökumət qüvvələrinin Suriyanın şimal-şərqinə girişi və SDQ-nin Müdafiə və Daxili İşlər nazirliklərindəki mövqelərinin bölgüsü yer alır. Hərbi qərar qəbuletmə mexanizmi, inzibati struktur və vəzifə və səlahiyyətlərin bölgüsü də müzakirə mövzusudur.