BAKI, 10 dekabr. TELEQRAF
“Nüvə alimi Möhsün Fəxrizadə yerli quldurlar tərəfindən İsrail kəşfiyyatının göstərişi ilə qətlə yetirilib”.
Teleqraf xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanının müşaviri İbrahim Cabbari deyib.
“Əvvəllər İsrail kəşfiyyatçıları alimlərimizə sui-qəsd etmək üçün ölkəyə daxil olurdular, amma bu sui-qəsdləri planlaşdırmaq üçün iranlı quldurlardan istifadə edirdilər. Səkkiz il əvvəl israillilər və amerikalılar ölkənin aparıcı quldurlarını özlərinə cəlb etmişdilər”, - o bildirib.
Xatırladaq ki, Möhsün Fəxrizadə 2020-ci ilin noyabrında Tehran yaxınlığında öldürülüb. İran baş verənlərə görə İsraili günahlandırıb. İranın nüvə proqramındakı roluna görə ABŞ tərəfindən Fəxrizadəyə sanksiya tətbiq olunmuşdu. 2018-ci ildə İsrail hökuməti onu İranın nüvə silahı hazırlamaq səylərinə rəhbərlik etməkdə ittiham etmişdi, Tehran bununla razılaşmamışdı.