BAKI, 8 dekabr. TELEQRAF

HƏMAS-ın silahsızlaşdırılmasına dair istənilən alternativ təklif, əgər hərəkatın Qəzza zolağındakı mövcudluğunun qorunmasına xidmət edirsə, qəbuledilməzdir.

Teleqraf xəbər verir ki, bu barədə İsrail rəsmiləri “Yediot Ahronot” qəzetinə bildiriblər.

İsrail mənbələrinə görə, Qətər və Türkiyə tərəfindən HƏMAS-ın silahlarının Fələstin Muxtariyyətinə təhvil verilməsi və ya beynəlxalq nəzarət altında saxlanılması ilə bağlı təklif var. Amma İsrail Qətər və Türkiyənin tərksilah üçün tələb etdiyi iki illik müddəti qəbul etmir və yalnız bir neçə aylıq qısa vaxt istəyir.

Həmçinin qeyd edilib ki, Təl-Əviv Qəzzada beynəlxalq sabitləşdirici qüvvələrin tərkibində Türkiyənin iştirakına qəti şəkildə qarşı çıxır. Qəzetin məlumatına görə, İsrail hazırda Rəfahda “HƏMAS-sız mülki model” üzrə yenidənqurma prosesinə başlamağı araşdırır.

İsrail kəşfiyyatının qiymətləndirmələrinə əsasən, Qəzzə sakinlərinin 75 faizi artıq HƏMAS-ı dəstəkləmir. Mənbələr xəbərdarlıq edirlər ki, HƏMAS yaranmış həssas atəşkəs dövründəki təhlükəsizlik boşluğundan istifadə edərək öz sıralarını yenidən təşkil edir və Qəzzada tam nəzarətini gücləndirir.

Rəsmilər HƏMAS-ın silahsızlaşdırılması üçün ABŞ və ya digər beynəlxalq təşəbbüslərə etibar etmədən, İsrailin müstəqil və daha sərt əməliyyat planına ehtiyac olduğunu vurğulayıblar.