BAKI, 5 dekabr. TELEQRAF
Oktyabrda Suriyada ABŞ tərəfindən həyata keçirilmiş və İŞİD terror təşkilatının liderlərindən birinin hədəfə alındığı hava əməliyyatı ilə bağlı yeni təfərrüatlar açıqlanıb.
Teleqraf xəbər verir ki, bu barədə “Al Arabiya” məlumat yayıb.
Hücumda Xalid əl-Məsud adlı şəxs öldürülüb. Yaxınları onun İŞİD üzvləri barədə kəşfiyyat məlumatları topladığını bildiriblər.
Qeyd olunub ki, əl-Məsud illərlə həm silahlı qrupun lideri, həm də Bəşər Əsəddən sonra Suriya prezidenti olarkən Əhməd Şaraa və komandası üçün İŞİD-lə bağlı casusluq edib.
ABŞ və Suriya hökumət rəsmiləri əl-Məsudun öldürülməsi ilə bağlı açıqlama verməyib. Bu da tərəflərin bu hadisənin iki ölkə arasında münasibətlərin yaxşılaşmasına mane olmasını istəmədiyini göstərir.
Bununla belə, “Soufan Center”in (ABŞ) aparıcı tədqiqatçısı Vasim Nəsr bildirib ki, əl-Məsudun öldürülməsi İŞİD-lə mübarizə səylərində böyük geriləmə ola bilər: “Əl-Məsud Suriyanın cənub səhra bölgəsi Badiyədə İŞİD-in sıralarına sızırdı, bu ərazi hələ də təşkilatın qalıqlarının fəal olduğu yerlərdən biridir”.
Xatırladaq ki, oktyabrın 19-da baş verən hücumdan bir neçə həftə sonra Suriya Prezidenti Əhməd Şaraa Vaşinqtona səfər edərək, Dəməşqin ABŞ-nin rəhbərlik etdiyi İŞİD-ə qarşı beynəlxalq koalisiyaya qoşulduğunu açıqlamışdı.