BAKI, 4 dekabr. TELEQRAF

“Prezident Əhməd Şaraa Suriya üçün son şansdır, idarəetmə qeyri-mərkəzləşdirilmiş olmalıdır”.

Teleqraf xəbər verir ki, bunu Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Nəçirvan Bərzani “The Spectator Australia”ya müsahibəsində deyib.

“Əhməd Şara Suriya üçün son şansdır. Suriya çoxtərəfli, dini və etnik baxımdan müxtəlif bir struktura malikdir. İdarəetmənin qeyri-mərkəzləşdirilmiş olması Suriya üçün həyati əhəmiyyət daşıyır. Xristianlar, druzlar, yezidilər, ələvilər, kürdlər, sekulyar sünni ərəblər və digər bütün tərəflər yeni Suriyada tam və bütöv şəkildə təmsil olunmalıdır”, - o bildirib.

PKK/YPG terror təşkilatının qolu SDQ-nin Suriya ordusuna inteqrasiyası barədə danışan Nəçirvan Bərzani qeyd edib:

“Bu qüvvələr çox bədəllər ödəyib. Onlardan silahlarını yerə qoymalarını, formalarını çıxarmalarını və inteqrasiya üçün heç bir təminat verilmədən fərdi şəkildə cəmiyyətə qarışmalarını gözləyə bilməzsiniz”.

Barzani bu nöqtədə qeyri-mərkəzləşdirilmənin Əhməd Şara hökuməti üçün ölkədə balans baxımından “həyati amil” olacağını iddia edib.

Qeyri-mərkəzləşmə mərkəzi hakimiyyətin səlahiyyətlərinin azaldılması və yerli idarəetmələrin səlahiyyətlərinin artırılması deməkdir. Bu isə mərkəzi hakimiyyətin zəifləməsi və yerli strukturların güclənməsi anlamına gəlir.