BAKI, 31 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Rusiyanın Birbaşa İnvestisiyalar Fonduna (RBİF) qarşı tətbiq edilən sanksiyaların hələlik ləğv olunmayacağını bildirib.

Teleqraf xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

Rusiya fonduna qarşı məhdudiyyətlərin aradan qaldırılması imkanını nəzərdən keçirib-keçirmədiyi soruşulan ABŞ lideri qısa cavab verib: “Xeyr, ləğv etmirəm. Heç nə etmirəm”.

Tramp bu açıqlamanı Rusiyada Ukrayna Silahlı Qüvvələrinin tərəfində döyüşdüyünə görə məhkum edilmiş və sonradan azadlığa buraxılmış ABŞ vətəndaşı Stiven Habbardla Ağ Evdə görüşü zamanı səsləndirib.

Amerika lideri Habbardın azad edilməsindən məmnunluğunu ifadə edib.

“Bəzi ağılsız insanlar Rusiyaya qarşı sanksiyalar tətbiq etməyimi istəyirdilər”, – Tramp bildirib.

Habbard isə rusların sanksiyalara güldüyünü söyləyib. Tramp buna cavab olaraq deyib:

“Eşitdiniz? Onlar sanksiyalara gülürlər. O, bunu yaxşı bilir”.

Qeyd edək ki, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov daha əvvəl RBİF-ə qarşı sanksiyaların mümkün ləğvi məsələsinin bir müddətdir Vaşinqtonla müzakirə olunduğunu açıqlayıb.

Onun sözlərinə görə, fondun rəhbəri Kirill Dmitriyev bu istiqamətdə ABŞ tərəfi ilə fəal təmaslar aparır.

“The New York Times” qəzeti də mənbələrinə istinadən Tramp administrasiyasının Rusiya Birbaşa İnvestisiyalar Fonduna qarşı sanksiyaların ləğvi imkanını araşdırdığını yazıb.