BAKI, 28 noyabr. TELEQRAF
Abdullah Öcalan bildirib ki, rəhbərlik etdiyi PKK terror təşkilatının özünüləğv və tərksilah edilməsi qərarı SDQ (“Suriya Demokratik Qüvvələri”) də daxil olmaqla, təşkilatın bütün elementlərini əhatə edir.
Teleqraf xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.
PKK lideri qeyd edib ki, SDQ martda Dəməşqlə imzaladığı razılaşmaya uyğun olaraq, Suriya ordusuna inteqrasiya etməlidir.
Nəşr Abdullah Öcalanın SDQ-nin timsalında Suriyada istənilən muxtar quruluş və ya federasiya mənasına gələcək bir strukturun yaradılmasına qarşı olduğuna dair fikirlər səsləndirdiyini də yazıb.
Məlumata görə, PKK lideri SDQ-yə mesajında bildirib: “Qərb kəşfiyyat xidmətləri yanaşı, İran və İsraildəki dairələrlə də əlaqələri kəsin, üzünüzü Ankaraya çevirin, Dəməşqlə siyasi, hərbi, iqtisadi və mədəni inteqrasiyanı təmin edin”.
Öcalanın Türkiyənin müvafiq parlament komissiyasının hazırlayacağı hesabat əsasında atılacaq hüquqi addımların təşkilatın ləğv və tərksilah prosesini sürətləndirəcəyi və bunları təşviq edəcəyinə dair də dəyərləndirmə apardığı vurğulanıb. Həmçinin, onun SDQ-yə yeni bir çağırış etməsinin gündəmdə olduğu deyilib.
Məlumata görə, qeyd edilən məsələr hakim Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası və DEM Partiyası rəsmilərinin noyabrın 24-də İmralı həbsxanasında Abdullah Öcalanla görüşündə müzakirə edilib.