BAKI, 26 noyabr. TELEQRAF
İran İsrailin hücumlarından sonra “Hizbullah” və digər proksi qüvvələrinin itirilmiş potensialını bərpa etmək məqsədilə Livan, Yəmən, İraq və bəzi Afrika ölkələrinə silah göndərməyə başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə “Kanal 14” (İsrail) məlumat yayıb.
Məqalədə “Hizbullah”ın ikinci şəxsi Heysəm Əli Təbtəbainin Beyrutda öldürülməsinə toxunularaq bildirilir ki, İran İsrail qarşısında strateji sınaqla üz-üzə qalıb, ağır itkilərə baxmayaraq, öz oxunu qorumağa və “Hizbullah” və regiondakı digər proksilərinin imkanlarını bərpa etməkdə qərarlıdır. Tehran İsrailin son hücumlarından sonra silah transferinə diqqət yetirməklə yanaşı, diqqətini obyektlərin bərpası, casusluq şəbəkəsinin genişləndirilməsi və xaricdə hücumları davam etdirmək səylərinə də yönəldib.
Kanala görə, Tehran “Hizbullah”la İran arasında əlaqələri idarə edən Heysəm Təbtəbainin öldürülməsindən sonra şoka düşüb: “Bu hadisə İran rejimi üçün bir sınaqdır, görünən budur ki, İran “Hizbullah” və digər qruplar vasitəsilə İsraillə strateji qarşıdurmanı qoruyub saxlamaq üçün bütün gücünü ortaya qoyacaq”.
Heysəm Təbtəbainin öldürülməsi atəşkəsdən sonra İsrailin “Hizbullah”ın yüksək rütbəli komandirlərindən birinə qarşı həyata keçirdiyi ilk hədəfli sui-qəsd sayılır və onun ölümü tərksilah təzyiqi altında olan qrup üçün daha bir ağır zərbədir. Onun öldürülməsi İran rəsmilərinin sərt reaksiyasına səbəb olub. İran Ali Təhlükəsizlik Şurasının katibi Əli Laricani “Hizbullah”ın qərargah rəisinin öldürülməsinə cavab olaraq İsraillə qarşıdurmaya çağırıb.
“Kanal 14” hesab edir ki, İsrailin ardıcıl hücumlarından sonra İran dörd addıma fokuslanıb: raket ehtiyatları, zədələnmiş nüvə və raket obyektlərinin bərpası, İsrailə qarşı proksi şəbəkəsinin gücləndirilməsi, dünyanın müxtəlif yerlərində israillilərə qarşı hücum cəhdləri.