BAKI, 24 noyabr. TELEQRAF
“Hizbullah” Hərəkatı yüksək rütbəli komandiri Heysəm Təbtəbainin İsrail hücumunda öldürülməsinin qisasını almaq üçün bir neçə mümkün variantı nəzərdən keçirir.
Teleqraf xəbər verir ki, bu barədə İsrail KİV ordu mənbələrinə istinadla məlumat yayıb.
Məlumata görə, mümkün cavab variantlarına İsrailin dərinliklərinə doğru çoxsaylı raket zərbələrinin endirilməsi daxildir. Həmçinin bura İsrail ərazisi və ya Livanın cənubunda yerləşən İsrail ordusunun mövqelərinə sızma cəhdi də daxil ola bilər.
Təxminlərə əsasən, Təbtəbainin husilərə (Yəmən) yaxınlığı nəzərə alınaraq, onların da İsrailə qarşı mümkün əməliyyatda iştirakı da nəzərdən keçirilir.
İsrail kəşfiyyatı həmçinin ehtimal edir ki, “Hizbullah” Təbtəbainin öldürülməsinə cavab verməməyi də seçə bilər.
“Hizbullah” təsdiqləyib ki, yüksək rütbəli hərbi komandiri Heysəm Təbtəbai bazar günü İsrail ordusunun Beyrutun cənubuna endirdiyi hava zərbəsində öldürülüb.