BAKI, 22 noyabr. TELEQRAF
Türkiyənin paytaxtı Ankara şəhərinin bələdiyyə sədri Mansur Yavaş barəsində korrupsiya ittihamı ilə istintaqın başlamasına münasibət bildirib.
Teleqraf xəbər verir ki, o, bu araşdırmanın əsassız olduğunu söyləyib.
“Ankara Baş Prokurorluğu tərəfindən aparılan “konsert istintaqı” çərçivəsində adımın belə yer almadığı bir ittihamnamə üçün Daxili İşlər Nazirliyindən istintaq icazəsi tələb edilmişdi. Bu tələb əsasında nazirlik bələdiyyəmiz üçün müfəttiş təyin etdi, mən də yazılı ifadəmi təqdim etdim. Nazirlik bundan əvvəl ifadə almağa belə ehtiyac görmədiyi məsələ ilə bağlı bu dəfə mənim və katibim haqqında “istintaq icazəsi” verib. Bu, ikili standartdır. Hər kəs üçün fərqli işləyən bu “ədalət anlayışı”nı qəbul etmək mümkün deyil.
Ədalətin gec-tez yerini tapacağına və bu qərarın da məhkəmədən keçməyəcəyinə tam inanırıq. Unutmasınlar ki, hüquq bir gün hamıya lazım olacaq”, - o qeyd edib.
Mansur Yavaş ən qısa müddətdə müvafiq qurumlara etiraz edəcəklərini bildirib.
Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəlin məsələyə reaksiyası belə olub:
“Əkrəm İmamoğlu prezidentliyə namizədimiz idi, mən də, Mansur bəy də ona səs vermişdik. Onlar Əkrəm İmamoğlu məsələsini həll etdiklərini düşünürlər. İndi bu millətin bizim qarşımızda seçə biləcəyi kim var? Ən güclü namizədlərdən biri Mansur Yavaşdır. İndi onu hədəfə qoymağa çalışırlar. Millət bunu görür”.
Xatırladaq ki, Türkiyə Daxili İşlər Nazirliyi bundan əvvəl Mansur Yavaş və katibi Nevzat Uzunoğlunu vəzifə səlahiyyətlərindən sui-istifadə və audit prosedurlarını pozmaq ittihamı ilə istintaqa icazə verib.
Məlumata görə, istintaq bələdiyyə tərəfindən paytaxtda məşhur türk müğənnilərinin iştirakı ilə keçirilmiş konsertlər silsiləsinin tender yolu ilə təşkil olunması məsələsinə aiddir. Bir sıra nəzarət qurumları və xidmətlərin hesabatlarına, eləcə də Hesablama Palatasının ilkin araşdırmasının nəticələrinə əsasən müəyyən edilib ki, bələdiyyə 32 konsertin təşkili zamanı 154,4 milyon lirə (3,6 milyon dollar) məbləğində zərər görüb.