BAKI, 18 noyabr. TELEQRAF
İran yenidən Natanz nüvə obyekti yaxınlığında nüvə fəaliyyətlərini sürətləndirib.
Teleqraf xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) təhlükəsizlik rəsmisi “OilPrice” saytına deyib.
Rəsmi bildirib ki, Qərb kəşfiyyat İranın santrifuqaları bərpa etməyə, yeni, bəyan edilməmiş zənginləşdirmə obyekti yaratmağa və raketlər üzrə fəaliyyətini genişləndirməyə çalışmasından narahatdır. Mənbə hesab edir ki, İranın müdafiə büdcəsinin 200 faiz artırılması, uzaqmənzilli raket proqramının inkişafının sürətlənməsi və Natanzdakı genişmiqyaslı nüvə fəaliyyətlərinin artması bölgədə gərginliyi artıracaq.
Məqalədə İrandakı mənbəyə istinadla qeyd olunub:
“SEPAH nüvə proqramının iyunda (ABŞ və İsrailin hücumu zamanı) zərər görmüş əsas sahələrinin bərpasını sürətləndirməsi üçün İran rəhbərliyinə təzyiqi artırıb. Həmçinin, İranın Nüvə Silahlarının Yayılmasının Qarşısının Alınması Müqaviləsindən (NPT) rəsmən çıxmaq üçün təzyiq də var”.
Mənbə yazıb ki, İranın Prezidenti Məsud Pezeşkian Tehranın NPT-dən çıxmayacağını vurğulasa da, məsələ ölkənin Ali dini rəhbəri Əli Xameneinin qərarından asılıdır:
“SEPAH hesab edir ki, hazırkı vəziyyətdə İran üçün ən yaxşı yol NPT-dən çıxmaq, yaxud ən azı ciddi bir təhdid yaratmaqdır”.
Aİ-nin ehtimalına görə, Xameneinin qərarı İranın raket potensialını Şimali Koreya səviyyəsinə çatdırmaqdır, yəni ballistik qitələrarası raketlərin çoxbaşlı başlıqlar daşıya biləcək səviyyəyə gətirilməsi planlaşdırılır. Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) bəyan edib ki, bir neçə aydır Tehranın uran ehtiyatlarını yoxlamaq mümkün deyil.
“The Jerusalem Post”un təhlilinə görə, İranın nüvə təhdidi ikinci planda olsa da, ballistik raket proqramının inkişafının genişləndirilməsi göstərir ki, Xamenei İsrailə qarşı təhlükə yaratmaq potensialını qorumaq istəyir:
“İran rəhbəri raket proqramını davam etdirir, amma bu dəfə “nüvə hissəsi olmadan”, çünki İsrail və ABŞ-nin 12 günlük müharibədə həyata keçirdiyi hücumlar nüvə infrastrukturunu məhv edib və bərpası böyük büdcə tələb edir. Raket imkanlarının bərpası isə daha mümkün və asandır”.
Nəşrin fikrincə, İsrail Xameneini birbaşa hədəf almayacağını deməsinə baxmayaraq, o, həmişə İsrailin nişanında olduğunu hiss edə bilər: “Gələcəkdə İranın İsrailə qarşı gözlənilməz hücum həyata keçirməsi mümkündür və belə bir hücumun Tehran üçün bədəli iyunda ödədiyindən daha ağır olacaq. Xamenei İsrailin yüksək rütbəli komandirlər və müşavirlərini öldürməsinə görə çox qəzəblidir, bəlkə də qisas ehtiyacı onu yanlış qərarlara sövq edir”.
“The New York Times” isə əlavə edib ki, nüvə layihəsinin bərpasından sonra İsrailin İrana yenidən hücum etməsi mümkündür.