BAKI, 28 oktyabr. TELEQRAF
“ABŞ-nin Qətərdəki Əl-Udeyd bazasının hədəf alınması düşməni yalvarışla atəşkəsə məcbur etdi”.
Teleqraf xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Tehran qüvvələrinin komandanı 12 günlük müharibədən danışarkən deyib.
“Düşmən İranın raket qüvvələrini nəzarət altına almaq üçün qonşu ölkələrdən İsrailə qədər uzanan 9 qatlı birləşmiş hava müdafiə sistemi qurmuşdu. Amma ilk mərhələdə bizim təxminən 500 raket və pilotsuz uçan aparatımızın 50 faizdən çoxu müəyyən edilmiş hədəflərə dəydi.
22-ci dalğaya qədər atış sayının azalması ilə raketlərin hədəfə dəymə faizi 100 faizə çatdı, hətta tək bir raket atışı ilə düşmənin ən həssas nöqtələri vuruldu”, - o qeyd edib.
Qeyd edək ki, iyunda İsrail və İran arasında baş vermiş 12 günlük müharibə qarşılıqlı raket və PUA zərbələri ilə müşayiət olunub. İsrail kampaniya ərzində İran ordusunun Tehran və digər iri şəhərlərdəki obyektlərinə zərbələr endirib. Açıq mənbələrə əsasən, İranın 12 günlük müharibədə təxminən 20-30 arası general və yüksək rütbəli zabit itirdiyi güman edilir. İran da cavab olaraq İsraildəki bir sıra obyektlərə, o cümlədən ABŞ-nin Qətərdəki bazasına zərbələr endirib. ABŞ-nin bu hücum zamanı itki vermədiyi açıqlanıb, İsrailin konkret hərbi itkiləri barədə isə konkret məlumat olmasa da, informasiya ümumi xarakterli olub. Müharibə ABŞ-nin İranın nüvə obyektlərini məhv etməsi ilə başa çatıb.