BAKI, 26 avqust. TELEQRAF

İsrail xarici işlər naziri Gideon Saar bir sıra ölkələrin Fələstin dövlətinin tanıdılması cəhdlərinə etiraz edib.

Teleqraf xəbər verir ki, o, bu yanaşmanın İsrailin yaşayış məntəqələrinin sakinləri üçün təhlükə yaratdığını bildirib.

“Biz indi iki il əvvəlkindən daha yaxşı strateji mövqedəyik. İsraili hərbi cəhətdən mühasirəyə alan İran oxu xeyli zəifləyib. Amma hərbi mühasirə indi İsrail dövlətini siyasi mühasirəyə almaq cəhdinə çevrilir, buna Fələstin dövlətini üzərimizə sırımaqla cəhd edilir”, - Saar deyib.

Xarici işlər naziri bu ssenarini İsrail üçün “intihar yolu ilə həll” kimi qiymətləndirərək, Tel-Əvivin belə bir təklifi qəbul edə bilməyəcəyini vurğulayıb.

“Yerusəlim (Qüds) və İordan çayının qərb sahilində Fələstin dövləti qurularsa, İsrailin bütün əhali mərkəzləri risk altında olacaq”, - İsrailin baş diplomatı əlavə edib.