BAKI, 23 iyun. TELEQRAF

İsrailin Qalileya və Qolan şəhərləri ərazisində yenidən İrandan raket hücumları ilə əlaqədar həyəcan siqnalları işə salınıb.

Teleqraf xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

İrandan ölkənin şimalına cəmi bir buraxılışı qeydə alınıb, o da İsrail ordusunun hava müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.

***

12:08

İran Hərbi Hava Qüvvələrinin İsrailə raket zərbələri başa çatıb.

Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Məlumata görə, fevralın 13-də müharibə başlayandan bəri İrandan İsrail ərazisinə 550 raket atılıb.

***

11:55

İran Hərbi Hava Qüvvələrinin İsrail ərazisinə atdığı raketlərdən bəziləri Safed və Aşdod şəhərlərinə düşüb.

Teleqraf xəbər verir ki, yerli KİV ölkənin cənubu ilə yanaşı, mərkəzi və şimal bölgələrinə də raketlərin düşməsi barədə məlumat yayıb.

Bəzi yerlərdə dağıntının olduğu bildirilib, ölkə sakinləri arasında xəsarət alanlar yoxdur.

Məlumata görə, hava hücumu zamanı ölkənin müxtəlif bölgələrində verilən həyəcan siqnalı 35 dəqiqə davam edib. Qeyd olunur ki, təxminən son 1 saatda İrandan İsrail ərazisinə 15 raket atılıb.

***

11:36

İran Hərbi Hava Qüvvələrinin İsrail ərazisinə raket zərbələri ilə əlaqədar həyəcan siqnalı verildikdən sonra Yerusəlim şəhərində Knesset (parlament) binasında olanlar təhlükəsiz əraziyə təxliyə edilib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

Məlumata görə, İrandan indiyədək ümumilikdə 5 raket atılıb, cəmi 1-i Laçişə düşüb, qalanları İsrail müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib. Amma hücumun davam etdiyi bildirilib.

Ölkənin mərkəzi ilə yanaşı, şimal və cənub istiqamətlərində də raket buraxılışları qeydə alınıb və bununla əlaqədar bölgələrdə xəbərdarlıq siqnalları işə salınıb. Bura Hayfa və Tiberiya kimi şəhərlər də daxildir.

***

11:20

İran Hərbi Hava Qüvvələri İsrailə raket zərbələrinə başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.

Hücumla əlaqədar ölkənin mərkəzində, Qolan, Qalileya və Yerusəlimdə (Qüds) xəbərdarlıq siqnalları işə salınıb.

Bildirilib ki, indiyədək bir neçə qarşısı alınmış buraxılış qeydə alınıb.