BAKI, 18 iyun. TELEQRAF
Tehran öz ərazisinə edilən hücumu cavabsız qoymayacaq və ölkənin silahlı qüvvələri tam hazırlıq vəziyyətindədir.
Teleqraf xəbər verir ki, bunu İranın ali rəhbəri Əli Xamenei xalqa müraciətində deyib.
Xamenei bildirib ki, İsrail böyük bir səhvə yol verib: “Bu, onların axmaqcasına və rəzil bir hərəkətidir və bu səhvin nəticələri onların fəlakəti olacaq. Ölkə geri çəkilməyəcək və möhkəm dayanacaq".
O, həmçinin vurğulayıb ki, ABŞ-nin İrana qarşı istənilən hərbi müdaxiləsinə Tehran cavab verəcək və bu müdaxilə Vaşinqton üçün bərpaolunmaz zərərə səbəb olacaq.
"İranı, onun xalqını yaxşı tanıyan və İran tarixini yaxşı bilən insanlar heç vaxt bu millətə hədə-qorxu dilində danışmağa cəsarət etməz".
Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də səhər saatlarından İranın hərbi-strateji nöqtələrinə və nüvə müəssisələrinə zərbələr endirməyə başlayıb. Hava əməliyyatları nəticəsində İran ordusunun ali rütbəli hərbçiləri həlak olub. İran isə iyunun 14-dən etibarən İsrailin bir sıra şəhərlərinə raket zərbələri endirir. Hər iki tərəfdən ölənlər və yaralananlar var.