BAKI, 16 iyun. TELEQRAF
İsrailin Natanzdakı nüvə obyektinə hücumu beynəlxalq hüquq və nüvə silahlarının yayılmaması planına ciddi zərbədir.
Teleqraf xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.
O bildirib ki, İranın nüvə proqramı dünyada yeganə proqramdır ki, onun qanuniliyi BMT Nizamnaməsinin VII fəsli çərçivəsində qəbul edilmiş qətnamə ilə təsdiqlənib:
“Sülhməramlı nüvə proqramımızı hədəfə alan rejimin özü nüvə silahlarına malikdir. Bu isə nüvə silahlarının yayılmaması rejiminə və beynəlxalq hüquqa ağır zərbədir. BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan Böyük Britaniya, Fransa və Almaniya həm Avropa İttifaqının üzvü, həm də Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) tərəfdarları olaraq, öz öhdəliklərinə əməl etməli idilər. Əgər bu ölkələr doğrudan da 2231 saylı qətnaməyə və nüvə sazişinə dəyər verirdilərsə, sionist rejimin bu cinayətini – xüsusilə Natanz nüvə obyektinə hücumunu açıq şəkildə qınamalı idilər”.
Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də səhər saatlarından İranın hərbi-strateji nöqtələrinə və nüvə müəssisələrinə zərbələr endirməyə başlayıb. Hava əməliyyatları nəticəsində İran ordusunun ali rütbəli hərbçiləri həlak olub. İran isə iyunun 14-dən etibarən İsrailin bir sıra şəhərlərinə raket zərbələri endirir. Hər iki tərəfdən ölənlər və yaralananlar var.