BAKI, 13 iyun. TELEQRAF

Böyük Britaniyanın Baş naziri Kir Starmer, Almaniyanın kansleri Fridrix Merts və Fransa prezidenti Emmanuel Makron Yaxın Şərqdə yeni eskalasiya dalğası ilə əlaqədar hazırda telefon danışığı aparırlar.

Teleqraf xəbər verir ki, bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Ştefan Kornelius Berlində brifinq zamanı bildirib.

Onun sözlərinə görə, dövlət və hökumət başçıları İsraillə İran arasında eskalasiyanı müzakirə ediblər. Kornelius əlavə edib ki, “Avropa üçlüyü” ABŞ ilə sıx koordinasiya aparır.

“Almaniya münaqişə tərəflərinə təsir göstərmək və vəziyyətin deeskalasiyasına töhfə vermək üçün bütün mövcud diplomatik imkanlardan istifadə edəcək”, – hökumət nümayəndəsi vurğulayıb.

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də səhər saatlarında İrana zərbələr endirib. Hücum zamanı ölkənin Fordo və Natantz nüvə obyektləri, eləcə də hərbi bazaları hədəfə alınıb. İranın Atom Enerjisi Təşkilatı Natanz nüvə obyektinin məhv edildiyini təsdiqləyib.

Hava əməliyyatları nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı general-mayor Hüseyn Salami, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqiri, Ali Rəhbər Seyid Əli Xameneinin müşaviri Əli Şamxani, “Hatəm-əl-Ənbiya” Qərargahının rəisi Qulam Əli Rəşid və digər yüksək rütbəli şəxslər, o cümlədən üç nüvə alimi həlak olub.

İran isə bir neçə saat sonra cavab zərbələrinə başlayıb. Tehran İsrail istiqamətində 100-dən çox pilotsuz təyyarə göndərib.