BAKI, 30 may. TELEQRAF
Səudiyyə Ərəbistanı müdafiə naziri Xalid bin Salman keçən ay Tehranda İran rəsmilərinə açıq mesaj verib: ABŞ Prezidenti Donald Trampın nüvə sazişi üzrə danışıqlara dair təklifini ciddi qəbul edin, çünki bu, İsraillə müharibə riskindən qaçmaq üçün bir yol təqdim edir.
Teleqraf “Times of Israel”ə istinadla xəbər verir ki, bu barədə “Reuters” agentliyinə ABŞ, İsrail, Körfəz və İranın rəsmi mənbələri bildiriblər.
Rəsmilərin bildirdiklərinə görə, regionda qeyri-sabitliyin davam edəcəyi ehtimalından təşvişə düşən Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz oğlu şahzadə Xalid bin Salmanı apreldə İranın ali dini rəhbəri Əli Xameneyi ilə görüşə göndərib.
Mənbələr deyirlər ki, aprelin 17-də Tehranda prezident iqamətgahında keçirilən qapalı görüşdə İran Prezidenti Məsud Pezeşkian, Baş Qərargah rəisi Məhəmməd Baqiri və xarici işlər naziri Abbas Əraqçi iştirak edib.
Nəşrə danışan dörd mənbənin fikrincə, Trampın ilk dövründə Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfiri olmuş şahzadə Xalid İran rəsmilərinə xəbərdarlıq edib ki, ABŞ Prezidenti uzunmüddətli danışıqlara qarşı səbirsizdir.

Media 37 yaşlı şahzadənin səfərini işıqlandırsa da, Kral Salmanın Xameneyiyə gizli mesajının məzmunu barədə yazmamışdı.
Tehranda şahzadə Xalid yüksək səviyyəli İran rəsmiləri qrupuna söyləyib ki, Tramp ən qısa müddətdə razılığa gəlmək istəyəcək və bu baş verməsə, diplomatiya pəncərəsi sürətlə bağlanacaq.
Körfəzdəki iki mənbənin bildirdiyinə görə, Səudiyyə naziri danışıqların pozulacağı təqdirdə İsrailin hücumu ehtimalı ilə üzləşməkdənsə, ABŞ ilə razılaşmanın daha yaxşı olacağını deyib.
“Reuters” Agentliyi şahzadənin mesajının İran rəhbərliyinə təsirini müəyyən edə bilməyib. Pezeşkian görüşdə bəyan edib ki, İran Qərb sanksiyalarının ləğvi yolu ilə iqtisadi təzyiqləri azaltmaq üçün razılaşma əldə etmək istəyir.
Bununla belə, mənbələr əlavə edib ki, İran Trampın Tehranın uranı zənginləşdirmə proqramının tamamilə ləğv edilməsi tələbindən narahatdır. ABŞ Prezidenti İranı onun nüvə ambisiyalarını diplomatiya ilə cilovlaya bilməsə, hərbi güc tətbiq edəcəyi ilə hədələyib.

İran mənbələrindən biri söyləyib ki, Pezeşkian Tehranın razılığa gəlmək istəyini vurğulasa da, amma İranın zənginləşdirmə proqramını da qurban vermək niyyətində olmadığını bildirib.
Səudiyyə Ərəbistanı, İran və İsrailin səlahiyyətliləri “Reuters”in sorğusuna cavab verməyib. Ağ Ev Səudiyyə Ərəbistanının İrana etdiyi xəbərdarlıqdan xəbərdar olub-olmaması ilə bağlı agentliyin suallarını birbaşa cavablandırmayıb.