
BAKI, 16 aprel. TELEQRAF
İsrailin “Yediot Ahronot” qəzetində “Türkiyə ilə İsrail arasında görünməmiş gərginliyin arxasında nə dayanır?” adlı məqalə dərc olunub.
Teleqraf xəbər verir ki, nəşr gərginliyin Suriya ilə bağlı toqquşan maraqlardan qaynaqlandığını iddia edib.
Analizdə İsrail Suriya ilə bağlı strategiyaya sahib olmadığı üçün tənqid olunub və Türkiyənin Suriya teatrını heç vaxt İsrailə buraxmayacağı bildirilib.
Məqalədə Qətər qazını Suriya üzərindən Türkiyəyə, oradan da Avropaya daşıyacaq potensial boru kəməri layihəsinin Ankara üçün əhəmiyyətinə diqqət çəkilib.
Nəşr İsrailin Türkiyədəki keçmiş səfiri Amira Oronun bu fikrinə də yer verib:
“Türkiyə Suriyanın sabitliyində mühüm rol oynayır. İsrail hərbi münaqişə riskindənsə, Ankara ilə diplomatik kanallar vasitəsilə əlaqə saxlasa yaxşı olar”.
Məqalədə həmçinin İsrailin Suriyaya hava hücumlarını artırmasına və bölgədə quru əməliyyatlarını genişləndirməsinə də diqqət çəkilib. Mənbə İsrailin də Suriyadakı maraqlarından geri çəkilmək niyyətində olmadığını vurğulayıb.