BAKI, 8 oktyabr. TELEQRAF

İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq səviyyədə xüsusi mexanizmin yaradılması istiqamətində BMT ilə müzakirələrin aparılmasına hazır olmaq mühüm addımdır.

Teleqraf xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupun rəhbəri Qəzənfər Əhmədov “İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans”ın bağlanış sessiyasında deyib.

O bildirib ki, konfrans çərçivəsində keçirilən müzakirələr itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması, ailələrin məlumatlandırılması, elmi imkanlardan istifadə və humanitar əməkdaşlığın davam etdirilməsi kimi prioritetləri ön plana çıxarıb:

“Yekun bəyannamədə silahlı münaqişələr nəticəsində itkin düşmüş şəxslərlə bağlı BMT-nin xüsusi mexanizmin yaradılmasına dəstək verməsi çağırışı yer alıb”.

Dövlət Komissiyasının katibi Azərbaycanın bu sahədə sistemli iş apardığını, beynəlxalq təcrübəsini bölüşməyə və əməkdaşlığı genişləndirməyə hazır olduğunu vurğulayıb.

Q.Əhmədov konfrans iştirakçılarını Bakı Dialoqu çərçivəsində qurulan əlaqələri davam etdirməyə və irəli sürülən təklifləri konkret nəticələrə çevirməyə çağırıb.