BAKI, 7 oktyabr. TELEQRAF

“İran ehtiyacların bir hissəsini ödəmək üçün qonşu ölkələrlə danışıqlar aparır”.

Teleqraf xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian hökumətin iclasında deyib.

Beynəlxalq sanksiyalar fonunda qonşu ölkələrlə çoxtərəfli qarşılıqlı əlaqələrin gücləndirilməsi və genişləndirilməsi ehtiyacına toxunan İran dövlət başçısı bildirib:

“Mövcud ehtiyacların bir hissəsini ödəmək üçün qonşu ölkələrlə danışıqlar aparırıq, amma məsələnin mahiyyəti daxili imkanlara, empatiyaya və bir-birimizlə əməkdaşlığa əsaslanmaqdır”.

Məsud Pezeşkian iclasda beynəlxalq məhdudiyyətlərlə əlaqədar ölkə daxilində sosial-iqtisadi problemlərin yarandığını etiraf edib.

Bütün nazirlərin və icra hakimiyyəti orqanlarının rəhbərlərinin gündəliyində dolanışıq, məşğulluq və istehsal məsələləri olması strategiyasını vurğulayan prezident elektrik və enerji kəsintilərinin qarşısını almağın vacib olduğunu söyləyib:

“İstehsal çarxının zədələnməsinə yol verməməliyik. Lazım gələrsə, istehlak modelində islahatlar aparmaq üçün istifadə olunmayan binalar və mədəniyyət və idman kompleksləri müvəqqəti olaraq bağlanacaq ki, istehsal çarxı fırlana bilsin; çünki insanların dolanışıq səviyyəsinin gücləndirilməsi və istehsalın dəstəklənməsi gündəliyimizin əsas mövzusudur. Bu məqsədlə elektrik enerjisi, qaz, benzin, su və digər enerji sektorları da daxil olmaqla, bütün sahələrdə istehlakı mütləq azaldacağıq. Qərbə müqavimət üçün şərt hər kəsin çətinliklərə dözməsidir”.