BAKI, 8 oktyabr. TELEQRAF
Məkkə Müdafiə İttifaqının Strateji, Siyasi və Müdafiə Komitəsi oktyabrın 5-də Ər-Riyadda toplanıb. Toplantıda regional proseslər və kollektiv müdafiə tədbirləri müzakirə edilib, katibliyin ilkin strukturu müəyyənləşdirilib, müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə dair çərçivə müzakirə olunub və ittifaqın institutsional formalaşması istiqamətində mühüm irəliləyiş əldə edilib.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.
“Digər siyasi, inzibati, hərbi və müdafiə sənayesi mexanizmlərinə dair işlərin tərəflərin razılığı və müvafiq yerli prosedurlar çərçivəsində davam etdirilməsi qərara alınıb. Bundan əlavə, Səudiyyə Ərəbistanının razılaşdırılmış hərbi qüvvə və vasitələrlə təmin edilməsi və yerləşdirilməsi üçün zəruri tədbirlər müzakirə olunub. Ölkəmiz tərəfindən təmin edilə biləcək hərbi qüvvə və imkanlarla bağlı proses Konstitusiyamızın və müvafiq qanunvericiliyin müddəaları çərçivəsində həyata keçiriləcək”, - nazirlik vurğulayıb.
Xatırladaq ki, Məkkə Müdafiə İttifaqı Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanından ibarətdir. İttifaqın oktyabrın 5-də Ər-Riyadda keçirilən toplantısında Yəmənin qiyamçı “Ənsarallah” Hərəkatı (husilər) ilə münaqişədə Səudiyyə Ərəbistanına hərbi yardımın edilməsinə dair razılaşma əldə olunub.
İttifaqın nizamnaməsində iştirakçı ölkələrdən birinə hücum digərlərinə hücum kimi qiymətləndirilir.