BAKI, 8 oktyabr. TELEQRAF
Bakıda itkin düşmüş şəxslərlə bağlı IV beynəlxalq konfransın ikinci günü başa çatıb.
Teleqraf xəbər verir ki, bu gün beynəlxalq konfransın yekun bəyannaməsi qəbul olunub.
Bəyannamədə bildirilib ki, konfrans iştirakçıları dövlətləri şəxslərin itkin düşməsinin qarşısını almaq, itkin düşmüş şəxslərin axtarışını aparmaq, habelə onların taleyi barədə ailələrini məlumatlandırmaq üçün bütün zəruri tədbirləri görməyə çağırırlar.
Sənəddə itkin düşmüş şəxslərin yerinin müəyyənləşdirilməsi və eyniləşdirilməsi üçün mövcud bütün məlumatların, o cümlədən fərdi və kütləvi dəfn yerlərinə dair qeydlərin bölüşdürülməsinin vacibliyi vurğulanıb.
Həmçinin insan qalıqlarının ləyaqətli və elmi əsaslarla çıxarılması, eyniləşdirilməsi və təhvil verilməsi, eləcə də bu sahədəki sübutların qorunmasının önəmi diqqətə çatdırılıb.
Bəyannamədə mina və digər partlamamış hərbi sursatların axtarış-xilasetmə işlərinə ciddi maneə törətməsindən narahatlıq ifadə olunub. Eyni zamanda, beynəlxalq təşkilatlara, xüsusən BMT-yə silahlı münaqişələr nəticəsində itkin düşmüş şəxslər məsələsinin həlli üçün xüsusi mexanizmin yaradılması ilə bağlı çağırış yenilənib.
Qeyd edək ki, oktyabrın 7-də Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə İtkin düşmüş şəxslər üzrə “Bakı Dialoqu” çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda IV beynəlxalq konfrans öz işinə başlayıb.
7-10 oktyabr tarixlərini əhatə edən konfransın növbəti mərhələsi Qarabağda davam edəcək.