BAKI, 8 oktyabr. TELEQRAF

İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri vəzifəsini icra edən Məcid Rza ABŞ-ni raket hücumlarının miqyasını genişləndirməklə hədələyib.

Teleqraf xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində yazıb.

“Sizin bizimlə aranızdakı məsafəni raketlərimiz müəyyən edir - dünən Oman dənizi, bu gün Hind okeanı, sabah Donuzlar körfəzi. O, (ABŞ Prezidenti Donald Tramp) hələ də Pentaqonun uşaq bağçasında müharibə şəkli çəkir, amma dünyanın bəyanatlar və nümayişlə bölünə bilməyəcəyindən xəbərsizdir. Son söz meydanda deyilir”, - İran rəsmisi bildirib.

Məcid Rza ABŞ-nin İrana qarşı mümkün yeni hücumunun nəticələri barədə də xəbərdarlıq edib.

Xatırladaq ki, Donuzlar körfəzi Kubanın cənubunda, Matanzas vilayətinin sahilində yerləşir. Bura 1961-ci il aprelin 17-dən 19-dək ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) dəstəyi ilə kubalı mühacirlərin Fidel Kastro hökumətini devirmək üçün həyata keçirdiyi uğursuz hərbi desant əməliyyatı (Donuzlar körfəzi əməliyyatı) ilə dünya tarixinə düşüb.