BAKI, 5 oktyabr. TELEQRAF
Misir və Azərbaycan arasında münasibətlər son illərdə siyasi dialoq, qarşılıqlı yüksək səviyyəli səfərlər və müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsi ilə yeni mərhələyə qədəm qoyub.
Misirin Azərbaycandakı səfiri Houssam-Eldine Reda Teleqraf-a müsahibəsində iki ölkə arasındakı əməkdaşlığın əsas istiqamətləri, qarşılıqlı investisiyalar, Qarabağın bərpası və gələcək yüksək səviyyəli təmaslardan danışıb.
Onunla müsahibəni təqdim edirik:
- Misir və Azərbaycan arasındakı münasibətlərin hazırkı səviyyəsini necə qiymətləndirirsiniz?
- Hər gün daha çox sevdiyim ölkədə - Azərbaycanda Misiri təmsil etməkdən şərəf duyuram. Qarşılaşdığım hər bir şəxsdən gördüyüm tolerantlıq, xeyirxahlıq və səmimi qonaqpərvərlik hissi məni valeh edir. Mən 2025-ci il sentyabrın 1-dən bəri buradayam. Yəni təxminən bir ildən çoxdur.
Hazırda Azərbaycanla əvvəllər heç vaxt olmadığımız nöqtədəyik. Ən yüksək səviyyədə ikitərəfli səfərlər həyata keçirilib. Misir Prezidenti Əbdülfəttah əs-Sisi 2023-cü ildə Bakıda, Azərbaycan lideri İlham Əliyev isə 2024-cü ildə ölkəmizdə səfərdə olub. Həmçinin İlham Əliyev 2025-ci ilin oktyabrında Şarm əş-Şeyxdə keçirilən Sülh Sammitində iştirak etmək üçün yenidən Misirə səfər edib.
Dövlət başçıları hər dəfə eyni forumda olduqda görüşürlər. Keçən həftə BMT Baş Assambleyasının ümumi müzakirələri çərçivəsində iki ölkənin xarici işlər nazirləri arasında da görüş keçirilib. Ona görə də deməliyəm ki, əməkdaşlıq çox yüksək səviyyədədir. Təkcə keçən il burada olduğum müddətdə fəal mübadilələrimiz olub - Azərbaycandan ən azı 5 nazir Misirə, eyni sayda nazir isə Bakıya səfər edib. Bu, çox yaxşı tempdir.

- Növbəti sualım əməkdaşlıq haqqındadır. Azərbaycan ilə Misir arasında ikitərəfli əməkdaşlığın daha da gücləndirilə biləcəyi əsas sahələr hansılardır?
- Mən Azərbaycandakı fəaliyyət müddətim üçün "Bizi birləşdirən şeylər bizi ayıranlardan daha çoxdur" şüarını seçmişəm. Düşünürəm ki, biz hər bir aspektdə çox bənzərik. Sadəcə bir-birimizi bir az daha yaxşı tanımaq lazımdır.
Misir və Azərbaycan bir neçə sahədə inkişaf edib. Əlbəttə, hər kəsin danışdığı böyük sektor neftdir. Misirin neft və mineral ehtiyatlar naziri Kərim Bədəvi Azərbaycana uğurlu səfəri çərçivəsində Bakı Enerji Forumunda iştirak edib. Səfər zamanı nazir konstruktiv görüşlər keçirib və enerji sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.
Düşünürəm ki, tezliklə bu sektorda aramızda gözlə görünən nəticələr olacaq. Həmçinin Misir əczaçılıq sənayesində çox effektiv və uğurlu nəticələr əldə edib. Azərbaycanda 100-dən çox dərman vasitəmiz qeydiyyatdan keçib. Bu çox vacib sektorda əməkdaşlığı genişləndirmək üçün qarşımızdakı hər hansı maneəni aradan qaldırmalıyıq.
- İki ölkə arasında ticarət dövriyyəsini və investisiyaları artırmaq üçün hansı addımlar atılır?
- İki ölkə arasında investisiyaların artırılması mənim əsas hədəflərimdən biridir. Biz həmişə bu barədə danışırıq, amma mənim azərbaycanlılara verdiyim ənənəvi sualım var: "Misiri tanıyırsınızmı?". Adətən, "Əlbəttə, tanıyırıq" cavabını alıram. Lakin müzakirələrə başladıqda məlum olur ki, ölkəmiz barədə bilmədikləri çox məqam var.
İnvestisiyalara gəldikdə, hər kəs sərmayəsini nəticəsindən əmin olduğu layihələrə yönəltmək istəyir. Buna görə də ilk növbədə həm misirlilərin Azərbaycan, həm də azərbaycanlıların Misir barədə məlumatlılıq səviyyəsini artırmalıyıq.
Həmçinin hazırda Misir bir sıra Afrika və digər dövlətlərdə su bəndlərinin, mürəkkəb infrastruktur layihələrinin və elektrik şəbəkələrinin inşasını həyata keçirir. Hesab edirəm ki, bu qabaqcıl təcrübəmizdən Qarabağın bərpasında və birgə investisiya təşəbbüslərində uğurla yararlanmaq mümkündür.
Bir sözlə, kəşf olunası hələ çox sahə var. Yalnız qarşılıqlı məlumatlılıq səviyyəsi artdıqdan sonra sərmayələrimizi dəqiq istiqamətləndirə bilərik. Əməkdaşlıq üçün geniş perspektiv və güclü siyasi iradə mövcuddur. Sadəcə, ümumi mənzərəni bir qədər aydınlaşdırmağa ehtiyac duyulur. Bizim əsas vəzifəmiz də məhz bu aydınlığı təmin etməkdir.
.jpg)
- Misir azad edilmiş ərazilərdə Azərbaycanın həyata keçirdiyi bərpa və quruculuq layihələrində iştirak edə bilərmi?
- Mən özüm Qarabağa bir neçə dəfə səfər etmişəm. Biz torpaqların işğaldan azad olunmasının necə bir hiss olduğunu çox yaxşı başa düşürük. Biz 1973-cü ildə Sina yarımadasını işğaldan azad etmək üçün oxşar prosesdən keçmişik.
Bu gün Misir artıq minatəmizləmə sahəsində Azərbaycanla əməkdaşlıq edir. Bu, ərazilərin bərpası üçün ən vacib şərtdir. Mütəxəssislərimizin bu sahədə böyük təcrübəsi var. Misir şirkətləri də Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki bərpa layihələrində iştirak etməkdə maraqlıdırlar.
- Azərbaycan-Misir Hökumətlərarası Birgə Komissiyasının növbəti iclasının nə vaxt keçirilməsi gözlənilir və gündəliyin əsas prioritetləri hansılar olacaq?
- Komissiyanın əvvəlki iclası 2025-ci ilin noyabrında Misirdə baş tutub. Növbəti iclasın isə 2027-ci ilin əvvəlində Azərbaycanda keçirilməsinə ümid edirik. Lakin bu məsələ hələlik müzakirə olunur. Çünki hər şey nazirlərin və onları müşayiət edən nümayəndə heyətlərinin gərgin iş qrafikindən asılıdır.
İclasın əsas məqsədi dövlət başçılarının qarşılıqlı səfərləri zamanı verdikləri tapşırıqların və əldə olunan razılaşmaların icrasını izləməkdir. Eyni zamanda liderlərin qarşıya qoyduğu hədəfləri reallığa çevirmək üçün hansı addımların atılmalı olduğunu müəyyənləşdiririk. Onlar ikitərəfli münasibətlərin çox yüksək səviyyəyə qaldırılmasını hədəfləyən aydın yol xəritəsi müəyyənləşdiriblər.
Buna görə də biz bu vizyonu həyata keçirməli və həmin göstərişlərə ciddi şəkildə əməl etməliyik. Əməkdaşlıq sahəsi olduqca genişdir və demək olar ki, bütün istiqamətləri əhatə edir. Ümid edirik ki, çox yaxın vaxtlarda Bakı ilə Qahirə arasında birbaşa aviareyslərin açıldığının şahidi olacağıq.
Bundan əlavə, Azərbaycanda daha çox Misir məhsullarının, o cümlədən keyfiyyətli əczaçılıq preparatlarının olmasını arzulayırıq. Qarşılıqlı investisiya mübadiləsi, mədəni səfərlər və sərgilərin təşkili də əsas prioritetlərimiz sırasındadır.
Bütün bu təşəbbüslər hazırda reallaşma mərhələsindədir və ümid edirik ki, onlara çox tezliklə nail olacağıq.
.jpg)
- Azərbaycan son illərdə Şərqlə Qərb arasında təkcə enerji deyil, həm də nəqliyyat və logistika mərkəzi kimi strateji mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib. Xüsusilə Orta Dəhliz layihəsi qlobal miqyasda böyük maraq doğurur. Misir bu kontekstdə Azərbaycanın regional bağlantı layihələrindəki rolunu necə qiymətləndirir?
- Söhbət təkcə Misirin qiymətləndirməsindən deyil, bu rolun qlobal səviyyədə qəbul olunmasından gedir. Biz Prezident İlham Əliyevin səylərini, strateji baxışını və uzaqgörən addımlarını yüksək qiymətləndiririk.
Sülh sazişinin imzalanması istiqamətindəki səylər, nəqliyyat dəhlizləri, marşrutlar - bütün bunlar Şərqlə Qərb arasında dayanıqlı və davamlı əlaqənin yaradılmasına xidmət edir. Azərbaycan öz infrastrukturuna böyük investisiyalar yatırır və bu istiqamətdə güclü iradə nümayiş etdirir.
Enerji təhlükəsizliyi məsələsində, bu, artıq çox effektiv şəkildə reallaşıb. Azərbaycan bu gün 16-dan artıq ölkəni təbii qazla təmin edir. Ölkəniz Şərqlə Qərb arasında təbii körpüdür və bu potensiala tam malikdir. Bunu təkcə Misir deyil, bütün dünya etiraf edir. Bu, Azərbaycanın qazandığı və gündən-günə möhkəmləndirdiyi qlobal gerçəklikdir.
Biz Ermənistanla sülh sazişinin imzalanmasını və bölgədə qarşıdurma əvəzinə davamlı əməkdaşlığın bərqərar olunmasını hədəfləyən son addımları böyük diqqətlə izləyirik.
- Yaxın vaxtlarda Misir və Azərbaycan arasında yüksək səviyyəli səfərlər gözlənilirmi?
- Buna ümid edirik. Bu məsələ hər zaman gündəlikdədir. Dövlət başçılarının qarşılıqlı səfər etmək arzusu həmişə mövcuddur. Ancaq çox sıx iş qrafiki və Yaxın Şərqdəki dəyişkən və gərgin vəziyyət bəzən liderlərin cədvəlini həddindən artıq məşğul edir. Bununla belə, nazirlərin hərəkət etmək və təmaslar qurmaq üçün daha çox imkanları var.
.jpg)
- Yaxın Şərqdəki mövcud təhlükəsizlik vəziyyətini necə qiymətləndirirsiniz?
- Söhbət Yaxın Şərqdən gedəndə hər zaman vurğulayırıq ki, hüququn aliliyi və suverenliyə hörmət əsas şərtdir. Hər bir dövlət BMT-nin qətnamələrinə və beynəlxalq hüququn prinsiplərinə riayət etməlidir. Bu faciələrin köklü səbəbini aradan qaldırmağın yeganə yolu ədalətli iki dövlətli həll yoludur. Misir bu mövqenin bərqərar olmasında fəal rol oynamağa davam edəcək.