BAKI, 22 iyul. TELEQRAF
Kanakiyada (Yeni Kaledoniya) fəaliyyət göstərən "La Dépêche de Kanaky" qəzeti Fransa hökumətinin və loyalist dairələrin yerli problemlərdən yayınmaq məqsədilə Azərbaycanı hədəf seçməsini tənqid edən məqalə dərc edib.
Teleqraf xəbər verir ki, "Saxta Bakı gündəmi: Problemin köklü səbəblərini müzakirə etməmək üçün günah keçisi seçildikdə" adlanan məqalədə müstəqillik tərəfdarı olan Kanak fəalları bəyan ediblər ki, rəsmi Parisin Azərbaycanı qınaması Kanak xalqının öz müqəddəratını təyin etmək hüququnu gündəmdən çıxara bilməz.
Qeyd edək ki, bir müddət əvvəl Fransa Milli Assambleyasının deputatları xarici işlər naziri Jan-Noel Barroya məktub ünvanlayaraq, Azərbaycan Prezidenti İlham Əliyevin dənizaşırı ərazilərlə bağlı mövqeyini "müdaxilə" adlandırıb, Bakıya qarşı sərt tədbirlərin görülməsini tələb ediblər və Fransa mediasında sanksiya çağırışları səsləndirilib. Lakin "La Dépêche de Kanaky" portalında yayımlanan bəyanatda vurğulanır ki, Azərbaycanı “xarici müdaxilə” kimi qələmə vermək əsl problemləri ört-basdır etmək cəhdidir.
Məqalədə bildirilib ki, Bakı problemin qaynağı deyil, sadəcə Fransanın illərdir üzləşməkdən qaçdığı müstəmləkəçilik reallığını qlobal müstəviyə daşıyan tərəflərdən biridir.
Nəşr Fransanın Yeni Kaledoniya məsələsini "daxili iş" kimi təqdim etməsinin BMT-nin dekolonizasiya öhdəlikləri ilə ziddiyyət təşkil etdiyi diqqətə çatdırılır. Vurğulanıb ki, Kanakların azadlıq mübarizəsi Azərbaycanın bu mövzuya platforma ayırmasından onilliklər öncə başlayıb və insan hüquqlarının ümumbəşəri məsələ olduğunu vurğulayan rəsmi Bakının buradakı yeganə rolu informasiya blokadasına salınmış kolonializm problemini yenidən dünyanın diqqətinə çatdırmaqdır.
Kanaklar hesab edirlər ki, Fransa "Azərbaycan niyə bu mövzudan danışır?" sualını verərək əsas fikri yayındırmaq əvəzinə, Yeni Kaledoniyanın 40 ildən sonra hələ də niyə BMT-nin özünü idarə etməyən ərazilər siyahısında qaldığına, öz müqəddəratını təyin etmək prosesinin nə üçün yekunlaşmadığına və rəsmi Parisin yerli xalqın siyasi iradəsini tanımaq yerinə onların haqq səsini dünyaya çatdıranlara niyə hücum etdiyinə aydınlıq gətirməlidir.
Məqalənin yekununda qeyd olunub ki, Fransanın Bakını təcrid etmək kampaniyası bumeranq effekti verib, Azərbaycan səs hüququndan məhrum edilənlərin ən güclü tribunasına çevrilib və heç bir əsassız ittiham rəsmi Parisin daşıdığı tarixi məsuliyyəti silə bilməz.