BAKI, 30 iyun. TELEQRAF
Azərbaycan itkin düşmüş şəxslər probleminin beynəlxalq müstəvidə diqqətdə saxlanılması istiqamətində hüquqi və diplomatik fəaliyyətini davam etdirir.
Teleqraf xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov Bakıda keçirilən “İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda bildirib.
Onun sözlərinə görə, Azərbaycan 2021-ci ildə Ermənistana qarşı Beynəlxalq Ədalət Məhkəməsi qarşısında qaldırdığı iddiada itkin düşmüş azərbaycanlılarla bağlı bütün məlumatların, o cümlədən kütləvi məzarlıqların yerləri barədə informasiyanın açıqlanmasını tələb edib:
“Azərbaycanın təşəbbüsü ilə 2002-ci ildən etibarən hər iki ildən bir Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasında itkin düşmüş şəxslərə dair qətnamə konsensus əsasında qəbul edilir”.
E.Məmmədov qeyd edib ki, Azərbaycanın təşəbbüsü ilə yaradılan Bakı Dialoqu beynəlxalq ictimaiyyətin bu humanitar problemə diqqətini artıran mühüm platformaya çevrilib:
“Növbəti Bakı Dialoqu çərçivəsində beynəlxalq konfrans 7–10 oktyabr tarixlərində keçiriləcək”.