BAKI, 30 iyun. TELEQRAF

İtkin düşmüş şəxslər probleminin həlli postmünaqişə dövründə davamlı sülhün təmin olunmasının əsas şərtlərindən biridir.

Teleqraf xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Elnur Məmmədov Bakıda keçirilən “İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda bildirib.

Onun sözlərinə görə, konfransın məqsədi silahlı münaqişələrin uzunmüddətli humanitar nəticələrindən biri olan itkin düşmüş şəxslər probleminin həlli istiqamətində müasir yanaşmaları və beynəlxalq əməkdaşlığın gücləndirilməsi yollarını müzakirə etməkdir:

“Postmünaqişə dövründə davamlı sülhün əldə olunmasının ən mühüm şərtlərindən biri məhz bu problemin həllidir”.

E.Məmmədov vurğulayıb ki, silahlı münaqişələr zamanı insanların itkin düşməsi təkcə ayrı-ayrı ailələr üçün deyil, bütövlükdə cəmiyyətlər üçün ağır humanitar faciədir:

“Bu reallıq itkin düşmüş şəxslər məsələsinin təkcə milli deyil, həm də qlobal humanitar gündəliyin prioritet mövzularından biri olduğunu bir daha təsdiqləyir”.