BAKI, 8 iyun. TELEQRAF

Litva və Azərbaycan xalqları minlərlə kilometr uzaqda yaşasalar da, tarixlərində oxşar ağrılı səhifələr mövcuddur.

Teleqraf xəbər verir ki, bu barədə Litvanın Azərbaycandakı səfiri Kestutis Vaskelyaviçyus repressiya qurbanlarına həsr olunmuş tədbirdə bildirib.

Diplomat deyib ki, hər iki xalq sovet repressiyalarından əziyyət çəkib, ziyalılarını, müəllimlərini, siyasi xadimlərini, din nümayəndələrini və azadlıq arzusu ilə yaşayan minlərlə vətəndaşını itirib:

“Ağır şəraitdə belə insanlar öz dillərini, mədəniyyətlərini və milli kimliklərini qoruyub saxlamağa nail olublar”.

K.Vaskelyaviçyus Azərbaycanın da Stalin repressiyalarından ciddi zərər gördüyünü xatırladaraq vurğulayıb ki, həmin dövrdə ölkənin ədəbi və intellektual elitasının bir çox nümayəndəsi təqiblərə məruz qalıb.

Diplomat tarixi yaddaşın qorunmasının vacibliyinə diqqət çəkərək bildirib ki, bu cür tədbirlər Azərbaycan və Litva xalqları arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət edir və ortaq tarixi təcrübələrin daha yaxşı dərk olunmasına şərait yaradır.